Şəki şəhərində Aqrar İnnovasiya Festivalı keçirilib
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəki şəhərində start verilib.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, həmçinin payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə Şamaxı, Ağstafa, Qusar, Ağcabədi, Hacıqabul, Sabirabad, Biləsuvar rayonlarında toxum-sərgi satış yarmarkaları təşkil olunacaq. Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Toxum sərgi-satış yarmarkaları ilə bağlı hazırlanmış səyyar karvan vasitəsilə mövsüm boyu Azərbaycanın 30-dan artıq bölgəsində fermerlərə məlumatlar təqdim olunacaq.
Şəkidəki festivalda toxum sərgi-satışı ilə yanaşı festivalların ənənəsinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı texnologiya və məhsulların nümayişi, eləcə də fermerlərin maarifləndirilməsi üzrə təlimlər keçirilib.
Festivalda Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.
Sərgidə dənli, (arpa, buğda), tərəvəz bitki sortları və toxumları, kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, gübrə, pestisid nümunələri nümayiş olunub.
Festival ərzində fermerlərə “Taxıl bitkilərinin aqrotexniki qulluq qaydaları, düzgün toxum seçilməsi” mövzusunda təlim keçirilib, sertifikatlı toxumun əldə edilməsi, təmizlənməsi mövzuları istiqamətində məlumatlar verilib.
Növbəti toxum sərgi-satış yarmarkasının keçiriləcəyi Aqrar İnnovasiya Festivalı avqustun 18-də Şamaxı rayonunda təşkil olunacaq.
Qeyd edək ki, bu il ilk dəfə olaraq toxum sərgi-satış yarmarkaları Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilir.