Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində WUF13 Festivalı keçiriləcək

30 aprel 2026 | 17:05

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.

Şəki şəhərində WUF13 Festivalı may ayının 5-də Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda təşkil olunacaq.

Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.

 

Keçidlər