Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərinin nümayəndə heyəti Uluslararası Bergama Kermes Festivalında iştirak edib

24 iyun 2022 | 19:02

Türkiyənin Berqama şəhərində səfərdə olan Şəki şəhərinin nümayəndə heyəti Uluslararası Bergama Kermes Festivalında iştirak edib. Festivalın açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edib.

Festival iştirakçılarını salamlayan icra başçısı Şəki şəhərı haqqında qısa məlumat verib. Bildirib ki, Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib, 2012-ci ildə türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə, 2019-cu ildə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Türkiyə-Azərbaycan əlaqələrindən danışan icra başçısı bildirib ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Vətən müharibəsi zamanı hər kəs buna bir daha şahidi oldu.

Şəkinin Azərbaycanda festivallar şəhəri kimi tanındığını bildirən icra başçısı Berqama şəhərinin bələdiyyə sədrini 7-9 iyul tarixlərində Şəkidə keçiriləcək Şəhər Günü və XI “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına dəvət edib.

Keçidlər