Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2023-cü ildə göruləcək işlərin təqdimatı keçirilib
Fevralın 13-də Şəki Heydər Əliyev Mərkəzində Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində 2023-cü ildə göruləcək işlərin təqdimatı keçirilib.
Təqdimatda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktor müavini İlham Quliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “Azərsu” ASC-nin və Şəki Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, podratçı təşkilatın nümayəndələri, mütəxəssislər iştirak ediblər.
Təqdimat zamanı “Azərsu” ASC-nin nümayəndəsi çıxış edərək Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bügünədək görülən işlər, həmçinin 2023-cü ildə ayrılmış maliyyə vəsaitinə uyğun həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək layihə ilə bağlı bəzi təkliflər verib, ilk növbədə yarımçıq işlərin yekunlaşmasının vacibliyini vurğulayıb, şəhərin Baş Plana uyğun olaraq genişlənəcəyini layihədə nəzərə alınmasını, həmçinin, bəzi kəndlərin su təchizatının yaxşılaşdırılması üçün “Azərsu” ASC tərəfindən dəstək göstərilməsini xahiş edib.
Sonda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktor müavini İlham Quliyev səslənən fikir və təkliflərə öz münasibətini bildirib və qaldırılan məsələlərlə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.