Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Elm və təhsil nazirinin müavini İdris İsayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Şəki şəhəri üzrə təhsil sektorlarının əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Sentyabr konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlər, 2022–2026-cı illər üzrə təhsil strategiyasının müvafiq istiqamətlər üzrə uğurla icra edilməsi, eyni zamanda, təhsildə innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi barədə məlumat verib. İdris İsayev növbəti tədris ili üçün prioritet istiqamətləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Şəki şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov təhsil sahəsindəki uğurların daha da artacağına əminliyini ifadə edib və yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev hesabatla çıxış edib.
Tədbir çıxışlarla davam etdirilib.
Sonra 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.
Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.