Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki ziyalısı: Seçkilərdən sonra bizi qarşıda həlli vacib olan yeni hədəflər gözləyir

17 yanvar 2024 | 11:23

Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri Azərbaycanın tarixinə ən qürurverici seçki kimi daxil olacaq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki ziyalısı, təqaüddə olan Əməkdar müəllim Bəşarət Yusifov söyləyib.

O deyib: “Çünki qəhrəman Ordumuz 44 günlük Vətən savaşında Qarabağı və ətraf rayonları düşmən işğalından azad edib. Ötən ilin sentyabrında isə biz bir gün ərzində aparılan antiterror tədbirləri ilə Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunan ərazisində suverenliyimizi, ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu seçkilərin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl ev-eşiyindən, yurd-yuvasından didərgin salınan vətəndaşlarımızın bir hissəsi öz doğma torpaqlarında səs verəcək. Bu, bizi ürəkdən sevindirir. Digər tərəfdən, düşünürəm ki, prezident seçkilərinin keçirilməsi həm də beynəlxalq ictimaiyyətə verilən bir mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğalçılardan təmizləyən, ərazi bütövlüyünü bərpa edən bir dövlətin seçki keçirəcəyini görəcək”.

Ərazi bütövlüyümüzün bərpasının həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdığını vurğulayan rayon ziyalısı bildirib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbiti olacaq.

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarı həm də strateji əhəmiyyət daşıyır. Bu qərar, eyni zamanda, Azərbaycan xalqını milli müstəqillik və dövlətçilik yolunda yeni səfərbərliyə dəvət edir. Əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı fevralın 7-də tarixi seçimini edəcək, sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. Seçkilərdən sonra isə bizi qarşıda həlli vacib olan yeni hədəflər gözləyir”,- deyə Bəşarət Yusifov vurğulayıb.

Keçidlər