Şəki ziyalısı: Vətəndaşlarımızı qarşıdan gələn prezident seçkilərində fəal olmağa çağırırıq
Seçmək və seçilmək hüququ olan hər bir Azərbaycan vətəndaşının ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan böyük siyasi kampaniyada – prezident seçkilərində iştirak etmələri zəruridir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki rayon Ağsaqqallar Şurasının sədri, Qarabağ müharibəsi veteranı Vaqif Əhmədov söyləyib.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin digər seçkilərə heç də bənzəmədiyini vurğulayan rayon ağsaqqalı deyib: “Azərbaycan xalqı iki əsrdən artıq idi ki, erməni terrorundan və işğalından əziyyət çəkirdi. 44 günlük Vətən müharibəsində düşmənə gücümüzü göstərərək onları döyüş meydanında məğlub etdik. Torpaqlarımızı işğaldan azad etməklə yanaşı, eyni zamanda, Qarabağı, o cümlədən Xankəndi, Xocavənd, Xocalı şəhərlərini və digər ərazilərimizi separatçılardan təmizlədik, suverenliyimizi bərpa etdik. İndi biz tarixi anlar yaşayırıq. Xalqımız həmrəy şəkildə vahid bayraq altında birləşərək, öz suverenliyini bərpa etmiş müstəqil Azərbaycanda prezident seçkilərini keçirməyə hazırlaşır”.
Ağsaqqallar Şurasının sədri seçmək hüququ olan vətəndaşlara müraciət edib: “Biz ağsaqqallar müstəqil və bütöv Azərbaycanın inkişafı və daha da güclənməsi üçün seçki günü mütəşəkkil qaydada seçki məntəqələrinə gəlmələrinin vacibliyini hər bir vətəndaşımıza izah edir, onları bu sahədə fəal olmağa çağırırıq”.