Şəkidə 02 iyul - Azərbaycan Polisi Günü qeyd edilib
İyunun 2-də Şəki Şəhər-Rayon Polis Şöbəsində 02 iyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və veteranları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.
Tədbirin rəsmi hissəsi Şəki Şəhər-Rayon Polis şöbəsinin inzibati binasında davam edib.
Tədbiri giriş sözü ilə Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi polis polkovniki Elnur Həsənov açaraq, polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib və Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov polis əməkdaşlarını 02 iyul - Azərbaycan Polisi Günü münasibəti ilə təbrik edib və bildirib ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi şərəfli yol keçib. Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub. Hazırda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Tədbirdə digər çıxış edənlər polis işçilərini təbrik edib, onlara azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ictimai təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulayıblar.
Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərman və hədiyyələr təqdim edilib.







