Şəkidə 1 noyabr – Kənd təsərrüfatı işçiləri günü ilə bağlı tədbir keçirilib
01 noyabr 2023-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında 1 noyabr – Kənd təsərrüfatı işçiləri günü ilə bağlı tədbir keçirilmişdir.
Şəhər rəhbərliyinin, kənd təsərrüfatı işçilərinin, yerli icra və bələdiyyə orqanlarının nümayəndələrinin, fermerlərin və kənd təsərrüfatı sahəsində təhsil alan tələbələrin iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar islahatlar nəticəsində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü, aqrar sektorun dayanıqlı inkişafının təmin edildiyini bildirib. İcra başçısı rayonda kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən və əldə olunan uğurlardan danışıb, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək işlərində yüksək nailiyyətlər arzulayıb.
Digər çıxış edənlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Tədbirin sonunda cari ildə nümunəvi fəaliyyəti və yüksək istehsal göstəricilərinə görə seçilən bir qrup kənd təsərrüfatı işçilərinə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.