Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 1 noyabr – Kənd təsərrüfatı işçiləri günü qeyd edilib

31 oktyabr 2025 | 15:54

Oktyabrın 31-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 noyabr – Kənd təsərrüfatı işçiləri gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, kənd təsərrüfatı işçiləri, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, fermerlər və kənd təsərrüfatı sahəsində təhsil alan tələbələr iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu bildirib, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun dayanıqlı inkişafının təmin edildiyini, bu sahədə məqsədyönlü və sistemli islahatların həyata keçirildiyini, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyinin göstərildiyini vurğulayıb. İcra başçısı rayonda kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən və əldə olunan uğurlardan danışıb, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək işlərində yüksək nailiyyətlər arzulayıb.

Digər çıxış edənlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.

Həmçinin, tədbir zamanı Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki Rayon Mərkəzinin rəisi Tələt Mehtiyev tərəfindən bu gün bitki mühafizəsi sahəsində aktual məsələ olan qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, zərərverici ilə mübarizə ilə əlaqədar geniş təqdimat edilmişdir.

Tədbirin sonunda cari ildə nümunəvi fəaliyyəti və yüksək istehsal göstəricilərinə görə seçilən bir qrup kənd təsərrüfatı işçisinə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər