Şəkidə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib
İyunun 13-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edilər.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edib, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu, yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edildiyini bildirib, müstəqil respublikamızın əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin Azərbaycan dövlətçiliyini xilas etdiyini, onun həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu vurğulayıb. Qeyd edib ki, Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.
Tədbirdə 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Bayram tədbirinin bədii hissəsində Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələri tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub.