Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib

18 aprel 2026 | 11:15

Aprelin 17-də Şəki şəhər İcra Hakimiyyəti, “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Şəhərsalma və memarlıq üslubunu əsrlərdir yaşadan Şəki” adlı tədbir keçirilib.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun rəhbər şəxsləri və əməkdaşları, memarlar, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə iştirakçılar 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş yerli sənətkarların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun əməkdaşlarının hazırladığı videoçarx nümayiş olunub.

Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Elman İmamverdiyev “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli elan edilməsi və BMT Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsinin Azərbaycanda dayanıqlı şəhərsalma proseslərində rolu”, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsində rəisin vəzifə səlahiyyətlərini icra edən Tərxan Tahirli “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün kontekstində Azərbaycanın mədəni irs siyasəti” mövzusunda çıxış ediblər. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş memarı Sehran Məmmədovun "Bölgə memarlıq abidələri cizgilərdə", Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulovanın "Şəki- təbii yollarla qurulmuş ağıllı şəhər modelidir" mövzularında təqdimatları keçirilib.

Sonda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəki şəhərinin mədəni irsinin qorunması sahəsində səmərəli fəaliyyətinə görə bir sıra qurumlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təltif edilib.

 

 

Keçidlər