Şəkidə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şəki Dövlət Dram Teatrında Şəki Şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin, Şəki rayonu üzrə Təhsil sektorunun rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri, gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini Ülvi Məmmədov gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik ediblər, onlara verilən davamlı dövlət dəstəyindən danışıblar, gənclərin ölkənin ictimai, elmi və sosial həyatındakı rolunu vurğulayıblar.
Tədbirdə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təhsil və digər sahələrdə xüsusi fəallığına, göstərdikləri xidmətlərə və əldə etdikləri uğurlara görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin Fəxri Fərman, diplom və hədiyyələri təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.







