Şəkidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Yanvarın 18-də Şəki Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti, YAP Şəki Təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının rəhbərliyi, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, ölkə başçısının 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edildiyini, dəyirmi masanın həmin Sərəncamın icrası ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planına uyğun olaraq keçirildiyini bildirib.
Dəyirmi masada Şəki şəhər icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova çıxış edərək 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, həmin günün xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildirib, 20 Yanvar faciəsinə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verildiyini və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımların atıldığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının sədri Daşqın Mikayılov, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova 20 Yanvar faciəsinin tarixi, törədilmə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər, Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verən Ümummilli Lider Heydər Əliyev olduğunu vurğulayıblar.
Dəyirmi masada tədbirin mövzusuna həsr edilmiş sənədli film nümayiş olunub.