Şəkidə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
İyunun 25-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, veteranlar, hərbi qulluqçular, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəis müavini mayor İlqar Dəmirli, Daxili Qoşunların N saylı hərbi hissəsinin ayrı yerləşən patrul taborunun komandirinin müavini kapitan Rəfail Lətifov və Vətən müharibəsi əlili Qaçay Abdullayev çıxış edərək hərbi qulluqçuları, əsgər və zabitləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə təbrik ediblər, Azərbaycanın Silahlı Qüvvələrinin yaranma tarixindən, keçdiyi şərəfli yoldan, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən bəhs ediblər.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə hakimiyyətdə olduğu dövrdə ordu quruculuğu sahəsində mühüm addımlar atıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.
Sonra tədbirdə Xəzər Media Mərkəzinin hazırladığı “Antiterror: 23 Saat” adlı sənədli film nümayiş etdirilib.
Sonda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev çıxış edərək Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Günəş Əzimovanın Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu bildirmiş, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından onu bu münasibətilə təbrik etmişdir.







