Şəkidə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 iyun 2022-ci il tarixdə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular, müharibə veteranları, qazilər iştirak edib.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov bütün hərbi qulluqçuları, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Natiq Azərbaycan Respublikasının Silahlı Qüvvələrin yarandığı gündan hal-hazıradək keçdiyi şərəfli yola nəzər salıb. Bildirib ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Bunun nəticəsidir ki, Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir.
Sonra tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi, “Azərbaycanfilm” kinostudiyası və İctimai televiziyanın birgə təşkilatçılığı ilə ərsəyə gələn “Görünməyən qəhrəmanlar: 27 sentyabr” filmi nümayiş olunub.