Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

27 may 2024 | 15:39

Mayın 27-də Şəki  Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 28 May – müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Umummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək  dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzin akt zalında davam edən bayram tədbirində Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən bəhs edən       videoçarx nümayiş olunub.

Tədbirdə bildirilib ki, 1918-ci il mayın 28-də Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuş, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Qeyd olunub ki, 1991-ci ildə müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarda dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Tədbirin sonunda Şəki şəhər uşaq incəsənət məktəbinin hazırladığı konsert proqramı nümayiş olunub.

Keçidlər