Şəkidə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib0
Mayın 27-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, şəhid ailələrinin nümayəndələrinin, müharibə veteranlarının iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan dövlətinin müstəqilliyinin elan edilməsinin 105-ci ildönümünü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası ölkənin dövlət müstəqilliyi haqqında "İstiqlal Bəyannaməsi"ni qəbul etməklə xalqımızın suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirmişdir.
Bildirilib ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun elan etdiyi müstəqillik ideyası unudulmadı. 1991-ci ildə müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Sonra tədbirdə Bakı Media Mərkəzinin istehsal etdiyi “Son iclas” bədii-sənədli filmi nümayiş olunub.