Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir.

27 may 2022 | 14:59

Mayın 27 –də Şəki  Heydər Əliyev Mərkəzində 28 May – müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları iştirak etmişdilər.

Tədbir iştirakçıları əvvəlcə umummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül –çiçək  dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdilər.

Daha sonra tədbir Mərkəzin akt zalında davam etdirilmişdir. Bayram tədbirində Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbirdə çıxış edərək bildirmişdi ki, 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti  xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da, onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. 1993-cü ildə  hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirdi, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar oldu. Olduqca çətin bir  şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir deyən Elxan Usubov bildirdi ki, Cənab Prezidentimiz hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə, tarixinə böyük  hörmət və ehtiramla yanaşır . Belə ki, 28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təntənə qeyd edilir, Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə qoyulmuş, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Cənab Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində  ölkəmizin hərbi qüdrəti əhəmiyyətli şəkildə artmış,   dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşmışdır.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum nəticəsində  möhtəşəm qələbə əldə edildi. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində Şuşanın ermənilərdən təmizlənməsi  Azərbaycanın hərb tarixinə şərəfli səhifə kimi yazıldı .Bu qələbəni bizə bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə xalqımızın milli birliyi, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi  idi. Bu sevinci,  tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdar olan xalqımız şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq arzulayır. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra  28 May – Müstəqillik  Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci  ilə yaşayır və qeyd edir.

Tədbirin sonunda Şəki şəhər uşaq incəsənət məktəbinin hazırladığı konsert proqramı nümayiş olunmuşdir.

 

Keçidlər