Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib

06 oktyabr 2026 | 10:12

5  oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyub xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar Mərkəzin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin və dünayadan köçmüş təhsil işçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək müəllim peşəsinin yüksək dəyərlərindən, müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolundan bəhs edib, müəllim əməyinin cəmiyyət üçün əhəmiyyətini vurğulayıb və təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib.

Sonra təhsilin inkişafındakı xidmətlərinə,  təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup təhsil işçisinə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə verilmiş “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanları, Şəki Şəhər İcra Hakimiyyətinin təltifnamələri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanları və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən hədiyyələr təqdim olunub.

Təltif olunan təhsil işçiləri göstərilən diqqət və yüksək dəyərə görə təşəkkürlərini ifadə edib, bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını bildiriblər.

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

 

Keçidlər