Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 7 nömrəli tam orta məktəbin yeni binasının açılışı olub

14 sentyabr 2023 | 09:27

Sentyabrın 13-də Şəki şəhəri 7 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, həmçinin məktəb kollektivi iştirak ediblər.

Əvvəlcə məktəbin direktoru Bəkir Xəlilov çıxış edərək təhsil müəssisəsinin tarixi və uğurları barədə tədbir iştirakçılarına məlumat verib.

Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev yeni tədris ili və məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, məktəbli və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.

İdris İsayev son illər ölkəmizdə çoxlu sayda məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, 7 nömrəli tam orta məktəbin yeni binası Prezident cənab İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşa olunub.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, yenidən tikilmiş məktəb 960 şagird yerlikdir. Məktəbdə 40 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.

Hazırda məktəbdə 883 şagird, həmçinin 3 məktəbəhazırlıq qrupunda 67 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 120 müəllim məşğul olacaq.

Keçidlər