Şəkidə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Dekabrın 26-də Şəki şəhər Heydər Əliyev Mərkəzində "Azərbaycan neft kimyasının banisi: Yusif Məmmədəliyev" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki Regional Elmi Mərkəzin birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı görkəmli alim Yusif Məmmədəliyevin dünya elminə bəxş etdiyi zəngin irs barədə geniş məlumat verib. Alimin həyat və yaradıcılığından danışan icra başçısının müavini bildirib ki, akademik Yusif Məmmədəliyevin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınmışdır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 iyul 2025-ci il tarixdə akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır. Sərəncama uyğun olaraq ölkəmizdə, o cümlədən Şəki şəhərində görkəmli alimin yubileyinə həsr olunmuş muxtəlif tədbirlər keçirilmişdir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü "Alman faşizminə qarşı mübarizənin taleyini dəyişən azərbaycanlı alim - akademik Yusif Məmmədəliyev" mövzusunda, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Vəfa Atayeva "Neft-qaz kimyası və texnologiyasında Yusif Məmmədəliyevin rolu" mövzusunda məruzə ediblər.
Konfransda akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.







