Şəkidə Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Aprelin 28-də Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
“Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin rəhbər şəxsləri, ziyalılar, səhiyyə işçiləri və YAP fəalları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda qəhramancasına həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Məcid Əliyev qonaqları salamlayaraq tədbirin məqsədini açıqlayıb.
Sonra “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin həkim-oftomoloqu Samirə Balabəyova akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs ediblər.
Bildirilib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli tibbi fəaliyyəti və elmi irsi təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, insanların gözlərinə nur bəxş etmiş akademik Zərifə Əliyeva elmi fəaliyyəti, həyat yoldaşı və analıq missiyası ilə hər bir Azərbaycan qadınına nümunədir.
Tədbirin sonunda oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.