Şəkidə Anım Günü ilə əlaqədar tədbirlər keçirilib
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Şəkidə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər Xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksininin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra Şəki Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov ölkə başçısının Sərəncamı ilə hər il sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunmasının şəhid ruhlarına, şəhidlərin doğmalarına böyük ehtiramın bariz nümunəsi olduğunu bildirib. İcra başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibəsində qazanılmış tarixi Qələbədən bəhs edib, ölkəmizdə, o cümlədən Şəki şəhərində şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb, şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsinin hər zaman uca tutulacağını və etiramla yad ediləcəyini vurğulayıb.
Sonra tədbirdə Azərbaycan Televiziyasının hazırladığı, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsinə həsr olunmuş “Biz Qarabağı unutmadıq” adlı film nümayiş olunub.
Qeyd edək ki, Anım Günü ilə əlaqədar kənd və qəsəbələrdə də tədbirlər keçirilib, Şəki şəhərində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub, rayonda ərazisində yaşayan şəhid, qazi ailələri ziyarət edilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Anım Günü ilə əlaqədar şəhərdə yerləşən ictimai binalardan və eyvanlardan Azərbaycan bayraqları asılıb.