Şəkidə antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub
Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda ehtiramla anılıb.
Sentyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib, onların ruhlarına dualar oxunub.
Anım mərasimlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi qeyd olunub.
Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.