Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

03 aprel 2026 | 17:12

Aprelin 3-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Aprel döyüşləri – milli şərəf salnaməsi” adlı tədbir keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin, Şəki rayonu üzrə təhsil sektorunun və Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, idarə və təşkilat rəhbərləri, mədəniyyət, təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları mərkəzin foyesində təşkil edilmiş Aprel döyüşlərinə həsr olunmuş sərgi ilə tanış olublar. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Aprel döyüşlərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, bu tarixi qələbənin xalqımızın vətənpərvərlik ruhunun, döyüş əzminin və milli birliyinin parlaq təzahürü olduğunu bildirib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın düşməndən azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, suverenliyimizin tam təmin edildiyini vurğulayıb.

Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların valideynləri və yaxınları çıxış edərək övladlarının əziz xatirəsinin daim uca tutulduğunu bildiriblər.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib, şeirlər təqdim olunub. Həmçinin Aprel döyüşlərini əks etdirəm videoçarx nümayiş etdirilib.

 

Keçidlər