Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Aqrar Biznes Festivalı keçirilib

24 oktyabr 2025 | 18:15

Oktyabrın 24-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib.

Şəki “ASAN xidmət” mərkəzinin qarşısındakı meydanda təşkil olunmuş festival bölgə fermerlərini, sahibkarları və aqrar sahənin iştirakçılarını bir araya gətirib.

Kənd təsərrüfatında innovasiyaların təşviqi, fermerlərin müasir kənd təsərrüfatı texnologiyalarına çıxış imkanlarının artırılması və keyfiyyətli toxum bazarının formalaşdırılması məqsədi ilə keçirilən festival çərçivəsində Şəki-Zaqatala iqtisadi rayonunu təmsil edən fermerlər, həmçinin toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər öz məhsullarını təqdim ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr barədə məlumat verib, aqrar sahədə innovasiyaların tədbiq edilməsi istiqamətində respublikamızda, o cümlədən Şəki rayonunda mühüm işlərin aparıldığını, fermerlərə zəruri dəstək göstərildiyini bildirib, keçirilən festivalın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, Aqrar Biznes Festivalları regionlarda kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırır, fermerlərlə bazar iştirakçıları arasında qarşılıqlı əməkdaşlığa şərait yaradır və yerli toxumçuluq bazarının formalaşmasına töhfə verir.

Festival çərçivəsində bölgənin kənd təsərrüfatı ənənələrini özündə ehtiva edən məhsullar nümayiş olunub. Tədbir həm yerli istehsalçılar üçün satış imkanları yaradıb, həm də regionun kənd həyatının zənginliyini əks etdirib.

Festival zamanı bank və bank olmayan kredit təşkilatlarının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr veriblər.

Keçidlər