Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə aqrar sektorun inkişafı diqqət mərkəzindədir

15 sentyabr 2026 | 09:29

Şəki Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Prezident Administrasiyasının məsul əməkdaşı İlqar Süleymanov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanış olublar.

Səfər çərçivəsində rayon ərazisində intensiv və superintensiv bağçılıq, tütünçülük, ərzaqlıq buğda istehsalının artırılması, lavanda yağı və qoz emalı müəssisələrinin qurulması, həmçinin heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

Bağçılıq və emal sahəsi üzrə “Aqroinkişaf 2017” MMC-nin əlavə 650 ha sahədə intensiv qoz bağının salınması və damcı suvarma sisteminin quraşdırılması üçün aparılan hazırlıq işlərinə, “Green Factory” MMC, “Azumi Group” MMC, “ASİB” MMC və “Aromaland” MMC-nin intensiv və superintensiv meyvə və alma bağlarının qurulması layihələrinə baxılıb. Eyni zamanda “Aromaland” MMC-nin lavanda yağı istehsalı zavodu və “ASEL AQROPARK” MMC-nin qoz emalı müəssisəsinin gücünün artırılması istiqamətində görülən işlər diqqət mərkəzində olub.

Buğda və tütün istehsalı sahəsi üzrə fermerlər Faiq Qələndərov, İdris Nəbiyev və Emin İsayev tərəfindən hər biri 200 hektar sahədə müasir suvarma (pivot və çiləmə) sistemləri qurmaqla ərzaqlıq buğda məhsuldarlığının yüksəldilməsi layihələri təhlil edilib. Tütünçülük sahəsində fermer Emin İsayev 23 ədəd müasir tipli qurutma kamerasını artıq quraşdırdığı, fermer Həsən Səfərov isə 30 ədəd kameranın quraşdırılması üçün hazırlıq işlərini apardığı qeyd olunub.

Heyvandarlıq sahəsi üzrə fermer Həsən Səfərovun ətlik istiqamətli iribuynuzlu və xırdabuynuzlu təsərrüfatının genişləndirilməsi, hazırda əlavə 10 baş iribuynuzlu və 100 baş xırdabuynuzlu heyvanın alındığı barədə məlumat verilib. İşlərin böyük qisminin 2026-cı ilin avqust-sentyabr aylarında başlandığı və layihələrin mərhələli şəkildə 2026–2030-cu illər ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib.

Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.

Şəki rayonunun aqrar potensialından daha səmərəli istifadə edilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Tədbirin davamı olaraq Şəhər İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib.

Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.

Keçidlər