Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə aqrar sığorta sahəsində marifləndirici tədbir keçirilib

22 fevral 2024 | 15:47

Fevralın 21-də Şəki rayonunda Aqrar Sığorta Fondu və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəki rayonunda təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi” tədbiri keçirilib.

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun iştirak etdiyi tədbirdə aqrar sığorta haqqında geniş məlumat verilib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim edilib.

Tədbirdə bildirilib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib. Ən çox zərər görən təsərrüfatlardan biri də Şəki rayonudur.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Şəki rayonunda aqrar sahənin inkişafından, bu sahədə mövcud potensialdan söz açıb, rayonda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildirib ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər vurulması ilə nəticələnir. E.Usubov fermerləri belə hadisələrdən qorunmaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıb.

Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta subsidiyalaşdırılır, yəni sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir. Fond rəhbəri bildirib ki, 2022-ci ildə də baş verən hadisələr səbəbindən Şəki fermerləri və təsərrüfatlara böyük zərər dəymişdi, həmin il rayonda 438 fermerə 348 min manat sığorta ödənişi edilib.

2023-cü ildə baş verən hadisələr nəticəsində isə Şəkidə 271 fermerə ümumilikdə 694 min manat sığorta ödənişi edilib. Bu məbləğin 544 min manatı arpa, 150 min manatı isə buğda əkinləri üzrə ödənilib. Nəticədə Şəkidə bəzi təsərrüfatlar məhz aqrar sığorta ödənişi sayəsində əkinləri həyata keçirərək fəaliyyətini davam etdiriblər.

Tədbirdə qeyd edilib ki, ümumilikdə 2023-cü ildə ölkədə baş verən hadisələr üzrə fermer və təsərrüfatlara indiyədək 4,4 milyon manat ödəniş edilib. Bu proses davam edir və sonda ödənişlərin ümumilikdə 8 milyon manata yüksələcəyi gözlənilir. 

Tədbirdə Şəki-Zaqatala bölgəsi üzrə aqrar sığorta xidmətləri təqdim edilib, sadə misallarla fermerlərə izahat verilib.  Belə ki, bölgədə 1000 manatlıq tütünün sığortalanması 62 manata başa gəlir, bunun yarısını dövlət ödəyir, nəticədə fermer cəmi 31 manat ödəniş etməklə məhsulunu sığortalaya bilər. Qoz, fındıq və ərik bağlarında 1000 manatıq məhsulun sığortalanması fermerə 20 manata, badam məhsulunun sığortalanması isə cəmi 7 manata başa gəlir.

Tədbirdə təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim edilib. Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib. 

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Bitçilik sığortası kalkuryatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Keçidlər