Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi qeyd olunub

23 iyul 2025 | 09:16

Azərbaycan xalqının milli şüurunun, azadlıq ideyalarının formalaşmasında şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın müstəsna rolu və xidmətləri olub.

Bu fikir Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə iyulun 22-də Şəki Şəhər İcra Hakimiyyəti və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səsləndirilib.

Şəkidə və bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqqiqəlik sükutla yad edilib.

Sonra Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, “Kanal S” televizyasının xəbərlər departamentinin direktoru Gülgəz Mustafayeva, "Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, "Region Mediası" qəzetinin təsisçisi və baş redaktoru Baba Mirzəxanlı və "Şəki Bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Nəbibəyov çıxış edərək, zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola qısa nəzər salıblar. Qeyd olunub ki, milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli-bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Tədbirdə çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olmasında jurnalistlərin yaxın dostu olmuş Ulu Öndər Heydər Əliyevin xidmətlərini önə çəkiblər. Vurğulanıb ki, mətbuat işçilərinə qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media sahəsində çalışanların əməyi qiymətləndirilir, onların sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.

Tədbirin sonunda bir qrup media nümayəndəsinə Şəki Şəhər İcra Hakimiyyəti və Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən mükafatlar təqdim olunub.

 

Keçidlər