Şəkidə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
Oktyabrın 28-də Şəkidə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Zaur Əliyev, aidiyyəti idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Müşavirədə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Dövlət Proqramında qarşıya qoyulan hədəflərə nail olunması məqsədilə rayonda həyata keçirilən tədbirlərdən danışıb, kənd təsərrüfatı işçilərini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Zaur Əliyev çıxış edərək kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, regionlarda məşğulluğun təmin olunmasında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rolunu qeyd edib. Bu baxımdan, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş hədəflərin həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, Aqrar Subsidiya Şurası tərəfindən 2027-ci il üçün təsdiq edilmiş subsidiya qaydaları haqqında məlumat verib.
Müşavirədə Dövlət Proqramından irəli gələn vəzifələrlə bağlı müşavirə iştirakçılarının təklifləri dinlənilib, qarşılıqlı müzakirələr aparılıb.
Tədbirin sonunda cari ildə nümunəvi fəaliyyəti və yüksək istehsal göstəricilərinə görə seçilən bir qrup kənd təsərrüfatı işçisinə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.







