Şəkidə Azərbaycan sərhədçilərinin peşə bayramı qeyd olunub
Avqustun 18-də Şəki şəhərində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 103-cü ildönümü və Azərbaycan sərhədçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəki Heydər Əlliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Şəki Sərhəd Dəstəsində yaradılmış Vətən müharibəsində şəhid olan sərhədçilərin xatirə kompleksini ziyarət ediblər, onların fotolarından ibarət stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sərhədçilərimizi peşə bayramı münasibətilə təbrik edib. İcra başçısı bildirib ki, 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Vurğulayıb ki, son illərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədlərinin qarunması sahəsində kompleks tədbirlərin həyata keçirilib. Sərhədçilər 44 günlük Vətən müharibəsində qarşılarına qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib, qəhrəmanlıq və igidlik nümunələri göstəriblər. İcra başçısı respublikamızın şimal sərhədlərinin keşiyində dayanan və dövlət sərhədinin etibarlı qorunmasını təmin edən Şəki Sərhəd Dəstəsinin şəxsi heyətinə öz təşəkkürünü bildirib.
Şəki Sərhəd Dəstəsinin komandiri mayor Teymur Ağamalıyev çıxış edərək Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixindən bəhs edib, sərhədçilərə dövlət tərəfindən böyük diqqət və qayğının göstərildiyini bildirib, Şəki Sərhəd Dəstəsinin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.