Şəkidə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı istehsal edilmiş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib
Fevralın 2-də Şəkidə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində istehsal olunmuş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və filmin yaradıcı heyətinin üzvləri iştirak ediblər.
Azərbaycan panel rəssamlığının əsasını qoymuş, ilk dəzgah rəssamı kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığına həsr olunmuş ekran əsəri, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsini əhatə edir.
Filmdə rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentləri və miniatür sənətini yaradıcılığında necə tətbiq etdiyi sənədli və bədii dillə tamaşaçılara təqdim edilir. Bununla yanaşı, İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayişin keçirilməsində məqsəd tamaşaçıların milli irsimiz və mədəniyyət tariximiz barədə maarifləndirilməsi, eləcə də Mirzə Qədim İrəvaninin irsinin geniş auditoriyaya çatdırılması olub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək filmin yaradıcı kollektivinə təşəkkür edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, filmin bir sıra çəkilişləri Şəki şəhərində həyata keçirilmiş, ekran əsərində yerli aktyorlar və şəhər sakinləri iştirak etmişdir.







