Şəkidə "Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə" adlı tədbir keçirilib
"Şəhər Günü" münasibətilə iyulun 11-də Şəkidə "Azərbaycanın UNESCO Dünya İrsi Yolu: İçərişəhərdən Şəkiyə" adlı tədbir və tədbir çərçivəsində "UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri" mövzusunda panel iclası keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Şəki şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyyətinin sədri Rüfət Mahmud, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Memarlar İttifaqının üzvü, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin baş memarı İnarə Əzimzadə, qeyd olunan qurumların digər rəhbər şəxsləri, tanınmış memarlar, elm adamları, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində təşkil edilmiş yeri sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mərkəzin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki şəhəri və Xan Sarayı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi haqqında, həmçinin Şəki şəhərinin tarixi irsinin qorunması, bərpası və abadlaşdırılması istiqamətində görülən işləri əks etdirən qısa filmlər nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq elmləri doktoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar, professor Elbay Qasımzadə Azərbaycanın qədim tarixə malik şəhərsalma və memarlıq ənənələrindən, tarixi şəhərlərimizin qorunması sahəsində görülən işlərdən və gələcək inkişaf prespektivlərindən bəhs ediblər, bu il qədim Şəki şəhərinin 2714 illiyinin qeyd olunduğunu vurğulayaq, bu münasibətlə şəhər sakinlərini təbrik ediblər.
Vurğulanıb ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Şəki şəhəri, onun memarlıq irsi, tarixi şəhər mühiti və son illərdə həyata keçirilən bərpa və abadlıq işləri xarici qonaqlarda böyük maraq doğurur. Şəki şəhəri beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edərək Azərbaycanın tarixi-mədəni irsinin dünyaya tanıdılmasında mühüm rol oynayır.
Sonra tədbir "UNESCO Dünya İrsi: Tarixi şəhərlərin qorunması, idarə olunması və gələcək inkişaf perspektivləri" mövzusunda panel muzakirələrlə davam edib. Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü İnarə Əzimzadənin moderatorluğu ilə keçirilən panel iclasda sualları Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sabinə Hacıyeva və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli cavablandırıblar.
Tədbirdə Şəki şəhərinin tarixi-mədəni irsinin qorunması, bərpası və abadlaşdırılması istiqamətində xüsusi əməyi olan bərpaçı-memar Sehran Məmmədova, “Bakı Abadlıq Xidməti” MMC-nin memarı Rüfət Quliyevə və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü İnarə Əzimzadəyə təşəkkür bildirilib.
Panel zamanı aparılan müzakirələrdə qeyd olunub ki, milli şəhərsalma irsimizə xüsusi önəm verilməsi, şəhərlərimizin simvollarına çevrilən memarlıq abidələrimizə qayğılı münasibət Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi daxili siyasətinin bir parçası olub və bu kurs Prezident cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ölkəmizdə şəhərsalma sahəsinə, tarixi-mədəni irsimizə verilən əhəmiyyətin, yüksək dəyərin növbəti ifadəsidir.
Diqqətə çatdırılıb ki, cari ilin may ayında ölkəmizin uğurla ev sahibliyi etdiyi, dünyada urbanizasiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası mühüm nəticələrin əldə edilməsi ilə tarixə düşüb.
Tədbirdən sonra qonaqlar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, memar İnarə Əzimzadənin tərtibatının dizayn müəllifi olduğu Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış olublar.







