Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Beynəlxalq Ana Dili Günü münasibətilə elmi-praktiki konfrans keçirilib

20 fevral 2026 | 14:33

21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin, ADPU-nun Şəki filialının və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qloballaşma dövründə ana dili: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda Şəki şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının məsul şəxsləri, universitetin professor-müəllim heyəti, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda Azərbaycan dilinin dövlət dili kimi formalaşma və inkişaf mərhələləri, ana dilinin milli kimliyin və mənəvi dəyərlərin qorunmasındakı rolu, qloballaşma dövründə dil siyasətinin prioritet istiqamətləri geniş şəkildə təhlil olunub.

Qeyd olunub ki, Prezident cənab İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişafı məsələsinə xüsusi diqqət göstərir. Dövlət başçısının ana dilimizə həssas yanaşması milli düşüncənin qorunmasına xidmət edir.

Məruzələrdə vurğulanıb ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət milli-mədəni inkişafın əsas sütunlarından biridir. Çıxış edənlər təhsil müəssisələrində ana dilinin tədrisinin keyfiyyətinin artırılmasının, gənclər arasında düzgün nitq mədəniyyətinin formalaşdırılmasının və rəqəmsal mühitdə dil normalarına riayət olunmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, qloballaşmanın yaratdığı yeni terminoloji axının dilə təsiri, dilin informasiya texnologiyaları mühitində qorunması və zənginləşdirilməsi məsələləri geniş müzakirə olunub.

Sonda “Heydər Əliyev və Ana dili” mövzusunda videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu öndərin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət, bu sahədə qəbul olunan mühüm qərarlar və dilimizin dövlət səviyyəsində nüfuzunun artırılması istiqamətində gördüyü işlər əks olunub.

Konfrans çərçivəsində tədbir iştirakçıları mərkəzin foyesində təşkil edilmiş “Ana dili – milli kimliyimiz” adlı kitab sərgisi ilə tanış olublar.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Günü münasibətlə Şəki şəhərində fəaliyyət göstərən təhsil, mədəniyyət müəssisələrində  müxtəlif tədbirlər təşkil olunub.

 

Keçidlər