Şəkidə beynəlxalq festivalda Özbəkistanın “Nurəfşan” ansamblının çıxışı maraqla qarşılanıb
Uğurla davam edən Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 6-da axşam musiqisevərlərə Özbəkistan Respublikası Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının konserti təqdim olunub.
“Marxal” kompleksinin Yay Teatrında keçirilən konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, festivalın təşkilatçı qurumlarının, həmçinin TÜRKSOY təşkilatının nümayəndələri, musiqisevərlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlində ansamblın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Özbəkistan Dövlət Filarmoniyasının Daşkənd regional bölməsinin “Nurəfşan” ansamblı 2018-ci ildə yaradılıb. Kollektivdə bir sıra beynəlxalq festivallarda iştirak etmiş peşəkar müğənnilər, musiqiçilər və rəqs qrupları ilə yanaşı, Özbəkistanın milli xalq teatrının sənətçiləri də çalışırlar.
Diqqətə çatdırılıb ki, “Nurəfşan” 2021-ci ildə filarmoniya ansamblları arasında keçirilən nüfuzlu müsabiqədə birinci yeri tutub. Kollektiv türk dünyasının bir sıra mədəniyyət festivallarında, həmçinin milli bayramlarda, Özbəkistanın Müstəqillik günlərində, Novruz bayramı tədbirlərində iştirak edib. Kollektivin qastrol coğrafiyasını Rusiya, Tacikistan, Avropa ölkələri, eləcə də Türkiyənin bir çox şəhərləri əhatə edir. “Nurəfşan” ansamblı, həmçinin TÜRKSOY-un tədbirlərində də fəal iştirak edir.
Ansamblın solistlərinin ifa etdikləri oynaq, şux mahnı və rəqslər, ritmlər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Konsertin sonunda Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək, gözəl musiqi gecəsinə görə kollektivin üzvlərinə təşəkkür ediblər. Kollektivin rəhbərinə festivalın simvolu təqdim edilib.
Daşkənd Vilayəti Mədəniyyət və Turizm İdarəsinin rəisi Arazbek Şomuradov möhtəşəm musiqi tədbirinə dəvət olunduqlarına görə festivalın təşkilatçılarına minnətdarlığını bildirib.