Şəkidə beynəlxalq şahmat turniri keçirilir
İyunun 19-da Azərbaycan Şahmat Federasiyası, Şəki Şəhər İcra Hakimiyyəti və “Premier School” şahmat məktəbinin birgə təşkilatçılığı ilə Şəkidə “Şəki Open 2025” adlı beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
“Marxal Resort və Spa” otelində keçirilən şahmat turnirində yerli və xarici ölkələrdən gələn beynəlxalq qrossmeysterlər, şahmatçılar və onların məşqçiləri iştirak edir.
Turnir 4 qrupda - A, B, Rapid və Blitz qruplarında təşkil olunur. Yarışlar FIDE-nin oyun qaydaları əsasında keçirilir.
Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək turnirin əhmiyyətindən bəhs ediblər, iştirakçılara uğurlar arzulayıblar.
Simvolik ilk gedişdən sonra turnir başlayıb.
Qeyd edək ki, ayın 25-dək davam edəcək turnirin məqsədi Azərbaycanda şahmatın təbliği və inkişafı, şahmatçıların oyun təcrübəsinin artırılması, gənc şahmatçıların Avropa, dünya çempionatlarına hazırlanmasıdır.







