Şəkidə din xadimləri ilə görüş keçirilib
Mayın 14-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən din xadimləri ilə görüş keçirilib.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov çıxış edərək rayonda mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dini sahəyə qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikirlərini bildiriblər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələr haqqında məlumat veriblər.
Görüşdə din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndirdiklərini qeyd edərək, məscid və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər.
Görüş müzakirələrlə başa çatıb.