Şəkidə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçuları üçün təlimlər keçirilir
Şəkidə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda çalışan şəxslər üçün təlimlər keçirilir.
Avqustun 20-də başlayan və üç gün davam edəcək təlimlərdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları və Şəki şəhərində fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak edirlər.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən təlimlərin birinci günü iştirakçılara “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər” mövzusunda ətraflı məlumat verilib. Təlim prosesi qarşılıqlı müzakirə şəklində aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimlərin ikinci günü “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusuna həsr olunub. Növbəti gün isə dövlət qulluqçularına “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzusunda təlim keçiriləcəkdir.







