Şəkidə dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 13-də Şəki Heydər Əliyev Mərkəzində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Xalqın etimadını doğruldan Prezident” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu Ulu Öndər Heydər Əliyevin siyasi kursuna səs verdi və həmin siyasi kursun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələnin başlandığını bildirən Elxan Usubov Prezident İlham Əliyevin yürütdüyü siyasətin müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdiyini, ötən müddət ərzində böyük infrastruktur layihələrinin həyata keçirildiyini, regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf proseslərinin sürətləndiyini, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdığını vurğulayıb.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının çoxcəhətli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixdə keçirilmiş III Qurultayında partiyanın sədri seçilməsi ilə həm ölkəmizin həyatında, həm də partiyanın inkişafında yeni bir tarixi dövrün başlandığı, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verdiyi bildirilib.
Sonra tədbir iştirakçıları Bakı Media Mərkəzinin istehsal etdiyi “İlham” sənədli filminə tamaşa ediblər.
Qeyd edək ki, Şəkidə dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 illiyinə həsr olunmuş ağacəkmə aksiyası da keçirilib.