Şəkidə Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib
"Heydər Əliyev İli” çərçivəsində sentyabrın 22-də Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri çıxış edənlər bildirblər ki, “Əsrin müqaviləsi” Ulu Öndərimizin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşıdır. Qeyd olunub ki, 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın əsasını qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı.