Şəkidə fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə “Şagird təhlükəsizliyi və sağlam məktəb mühiti” mövzusunda görüş keçirilib
Oktyabrın 14-də Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblərdə şagird təhlükəsizliyinin və hüquqlarının qorunması, təhsil müəssisələrində sağlam fiziki-psixoloji mühitin təmin edilməsində dövlət qurumları və valideynlərin birgə əməkdaşlığının rolu mövzusunda təhsil müəssisələrinin rəhbər heyətinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə Təhsil sektorunun müdiri Zamik Cəbiyev, eyni zamanda Şəki şəhərinin ali, orta ixtisas, ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də şəhər-rayon polis şöbəsinin məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı 2025–2026-cı tədris ili ərzində şagirdlərin davranışı, onların sosial-psixoloji məsələləri, məktəb mühitində tərbiyənin rolu və mövcud çətinliklər müzakirə olunub. Tədbirdə, həmçinin qadağan olunmuş əşyaların məktəblərə gətirilməsinin qarşısının alınması, erkən nikah və sosial şəbəkə riskləri, eləcədə qanunazidd davranışların vaxtında Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya və şəhər-rayon polis şöbəsinə ötürülməsi, məktəb ərazisinə kənar şəxslərin daxil olmasına nəzarətin gücləndirilməsi, nisbətən nəzarətsiz sahələrə diqqətin artırılması, təhsil müəssisələrində müşahidə kameralarının quraşdırılması, təhsildən yayınan şagirdlərin təhsilə cəlb edilməsi ilə bağlı mövcud qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi, risk qrupuna daxil olan şagirdlərin daim diqqət mərkəzində saxlanılması və kriminal aləmə meyilli davranışların aşkarlanması məsələləri ətraflı formada müzakirə edilib.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edirik ki, bu cür görüşlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam tərbiyə mühitinin formalaşdırılması və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsində ibarətdir.







