Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 65,3 min hektar sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 34,2 min hektarına buğda, 31,1 min hektarına isə arpa səpiləcək. Rayonun Sarıca, Qayabaşı, Suçma, Böyük Dəhnə, Dərəcənnət kəndlərinin ərazilərindəki təsərrüfatlarda bir neçə gündür ki, arpa səpininə başlanılıb. İlk günlər bu ərazilərdə 262 hektara dən üçün arpa səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıq dənlilərin səpini üçün indiyədək təsərrüfatlarda 49 min hektaradək sahədə şum qaldırılıb. Səpin üçün 13,1 min ton arpa və buğda toxumu tələb olunur. Toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 7,7 min tondan çox sertifikatlaşmış toxum hazırlanıb və proses davam edir. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Ümumilikdə, səpin kampaniyasına 285 ədəd şum traktoru, 126 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb olunacaq.