Şəkidə Gənclər günü münasibətilə tədbir keçirilib
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Şəki Dövlət Regional Kollecinin akt zalında keçirilən tədbirdə gənclərlə yanaşı şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə etdikləri uğurlardan danışıblar.
Qeyd olunub ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Gənc nəslin təşəbbüsləri, onların əməyi hər yerdə görünməkdədir. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Tədbirdə il ərzində Şəkidə keçirilən mədəni kütləvi tədbirlərdə fərqlənən bir qrup fəal gənc fəxri fərman və diplomlarla təltif olunub.