Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi təşkil olunur

22 may 2024 | 18:32

Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə karyera yolunda uğur əldə etmək istəyən gənclər üçün həyata keçirilən “Gənclərin Məşğulluq Məktəbi 2” Yaz Düşərgəsi başlayıb.

Düşərgənin ilk günündə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Şəki şəhərində yerləşən abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər. Daha sonra panel müzakirə formatında baş tutan rəsmi açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Şəki Rayon İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov gənclərə məşğulluğun təmin edilməsində dövlət tərəfindən yaradılan xidmətlər barədə məlumat verib, uğurlu karyera xəritəsi qurmaq istiqamətində öz tövsiyələrini bölüşüb, müasir çağırışlardan, rəqəmsal dünyanın gənclərdən tələb etdiyi bilik və bacarıqlardan danışıblar.

20-24 may tarixlərində davam edəcək düşərgə zamanı gənc iştirakçılar üçün karyera planlamasında vacib addımlar, düzgün məqsədlərin təyin edilməsi, effektiv CV-nin yazılması, müsahibəyə hazırlıq qaydaları və s. mövzularda təlimlər, panel müzakirələr, müxtəlif peşələr üzrə master-klasslar, konsultasiya xidmətləri, əyləncəli enercayzerlər, komanda quruculuğu və intellektual oyunlar, idman yarışları keçiriləcək. Həmçinin, düşərgə müddətində gənclər Şəki şəhərinin zəngin mədəniyyət və tarixinə ekskursiya edəcəklər. Hər günün yekununda düşərgə iştirakçıları üçün konsert proqramı təşkil olunacaq.

Düşərgənin əsas məqsədi gənclərin məşğulluq imkanlarının artırılması üçün gənclər arasında şəbəkələşmə əlaqələrinin gücləndirilməsi və onların karyera planlaması istiqamətində maarifləndirilməsinə dəstək olmaqdır.

Xatırladaq ki, “Gənclərin Məşğulluq Məktəbi” ilk dəfə 6-10 fevral 2023-cü il tarixlərində qış düşərgəsi formatında Mingəçevir şəhərində 120 gəncin iştirakı ilə baş tutmuşdur.

Keçidlər