Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

26 may 2022 | 18:06

Mayın 26-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə şəhər rəhbərliyi, qonaqlar, ziyalılar, elm və sənət adamları iştirak ediblər.

Tədbirdə  Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini  Zərinə Cavadova çıxış edərək ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına böyük diqqət və qayğı göstərildiyini bildirib. İcra başçısının müavini Azərbaycan heykəltəraşlıq sənətinin banisi və layiqli nümayəndəsi olan görkəmli incəsənət xadimi Fuad  Əbdürrəhmanovun milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Görkəmli sənət ustasının yaradıcılığı haqqında məlumat verən Zərinə Cavadova onun dəzgah və monumental heykəltəraşlığı sahəsində bir çox uğurlu əsərlər yaratdığını bildirmiş, Fuad Əbdürrəhmanovun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqı Şəki şöbəsinin sədri Tahir Həmidli Fuad Əbdürrəhmanovun Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraş olduğunu bildirib.

Tədbirdə görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun ailə üzvləri çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Sonra tədbirdə heykəltəraş Fuad Əbdürrəhmanova həsr olunmuş “Monumental həyat” adlı film nümayiş olunub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq Akademiyasının təşkilatçılığı, millət vəkili Cavanşir Feyziyev və “Havissos” MMC-nin dəstəyi ilə ərsəyə gəlmiş 39 dəqiqəlik filmdə Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov və Asəf Zeynallının portretlərinin, həmçinin “Azad qadın”, Səməd Vurğun, Nizami Gəncəvi, Mehdi Hüseynzadə və Həzi Aslanovun heykəllərinin müəllifi olan Fuad Əbdurəhmanovun həyat və yaradıcılığı tam əks olunmuşdur. Samir Kərəmoğlu və Əli Mikayılovun rejissorluğu ilə hazırlanmış filmin çəkilişləri Bakı, Gəncə və Şəki, həmçinin Sankt-Peterburq, Moskva, Düşənbə və Brüssel şəhərlərində baş tutmuşdur. Filmdə nümayiş olunan epizodlar Azərbaycan Dövlət Arxiv İdarəsinin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən götürülmüşdür.

Tədbirin bədii hissəsində Şəki Dövlət Regional Kollecinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Keçidlər