Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə görkəmli kinorejissor Rasim Ocaqova həsr olunmuş “Sənətkar ömrü xatirələrdə” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib

24 noyabr 2025 | 17:06

Noyabrın 22-də  Azərbaycanın görkəmli kinorejissoru, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 92-ci ildönümü münasibətilə unudulmaz sənətkara həsr olunmuş “Sənətkar ömrü xatirələrdə” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib.

Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, sənətkarın ailə üzvləri və yaxınları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzin istedadlı dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə kinorejissor Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs olunub, görkəmli sənətkara həsr olunmuş videoçarx, onun ləntə aldığı filmlərdən kadrlar nümayiş etdirilib.

“Sənətkar ömrü xatirələrdə” kitabının müəllifi Xavər Səmədova çıxış edərək kitabın ərsəyə gəlməsindən danışıb, görkəmli kinorejissorun zəngin yaradıcılığından söz açıb.

Çıxış edənlər bildiriblər ki, kinorejissor Rasim Ocaqovun yenilikçi üslubu və yüksək peşəkarlığı milli kinomuzu məşhurlaşdırıb və kino sənətinin qızıl fonduna daxil olub. Onun filmləri fəal vətəndaşlıq mövqeyini əks etdirir və müasirliyi ilə seçilir. O, kinomuzun nəbzi, irəli aparan qüvvəsi, öz dövrünün siması olub. Rasim Ocaqov hər zaman yaratdığı sənət nümunələri ilə sevilib və daim seviləcək.

Tədbir bədii proqramla başa çatıb.

 

Keçidlər