Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileyi qeyd olunub
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 90 illik yubileyi noyabrın 25-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük məhəbbətlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley tədbirinin iştirakçıları əvvəlcə Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıb, bədii proqramı izləyiblər. Diqqətə çatdırılıb ki, hazırda Mərkəzdə ümumilikdə 71 dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1065 şagird təhsil alır. Uşaqların təlim-tədrisi ilə 50 müəllim məşğul olur.
Şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri və sənət dostları, yubiley tədbirinə dəvət olunan qonaqlar sonra Rasim Ocaqovun şəhərin Sülh meydanında, “Güyümlər” dairəsi adlanan ərazidə qoyulmuş barelyefi önünə gül dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.
Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə teatrın foyesində kinorejissorun həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar. Kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər, ekran əsərlərində rol almış aktyorların yaratdıqları obrazlar, çəkiliş meydançalarından görüntülər və digər fotolar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Yubiley tədbiri teatrın böyük zalında davam etdirilib. Tədbirdə Rasim Ocaqovun həyat və yaradıcılığı barədə sənədli film nümayiş etdirilib, kinorejissorun fəaliyyətinə dair bədii proqram təqdim olunub.
Gecədə vurğulanıb ki, Şəki torpağı çox istedadlı insanlar yetişdirib, Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük sənətkarlar bəxş edib. Belə sənətkarlardan biri də Rasim Ocaqovdur. Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov bütün ömrünü kino sənətinə həsr edib. Onun operator kimi işlədiyi “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində” və digər ekran əsərləri, rejissorluğu ilə çəkilən “Qatır Məmməd”, “Tütək səsi”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı arxasında”, “Park”, “Başqa həyat”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmlər milli kino salnaməmizdə unudulmaz izlər buraxıb.
Bildirilib ki, Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. Böyük sənətkar çəkdiyi maraqlı kinofilmlərdə novator metodlardan bacarıqla istifadə edib. Kino sənətinin zəngin imkanlarının üzə çıxarılmasında Rasim Ocaqovun böyük əməyi olub. Onun filmləri fəal vətəndaş mövqeyi və müasirliyi ilə seçilir. Böyük sənət əsərləri olan bu filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil olub.
Qeyd olunub ki, Rasim Ocaqov Vətəninə, doğulduğu torpağa, Şəkiyə bağlı bir insan idi. Onun ekran əsərlərinin bir neçəsi - “Ad günü”, “Həm ziyarət, həm ticarət” və digər filmlər Şəki, onun həyatı ilə bağlıdır. Bu ekran əsərlərinin qəhrəmanları sadə şəkililərdir.
Tədbirdə Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Rasim Ocaqovun bir çox filmlərində rol almış Xalq artistləri Hacı İsmayılov, Fəxrəddin Manafov, rejissorla uzun illər çiyin-çiyinə çalışmış kino xadimləri, operatorlar çıxış edərək, görkəmli kinorejissorla bağlı xatirələrini bölüşüblər.
Rasim Ocaqovun ailə üzvləri adından nəvəsi Nərminə Həsənova çıxış edərək yubiley gecəsinin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Yubiley tədbirinin sonunda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov görkəmli kinorejissorun 90 illiyinin qeyd olunmasının Şəki şəhərinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirib. Vurğulanıb ki, Rasim Ocaqov Şəki şəhərini çox sevirdi. Onun xatirəsi Şəki şəhərində də daim əziz tutulur. Diqqətə çatdırılıb ki, Şəkidə Rasim Ocaqovun yaşadığı evə xatirə lövhəsi vurulub, “Güyümlər” dairəsində barelyefi qoyulub. Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzi sənətkarın adını daşıyır. Şəki şəhərində Rasim Ocaqovun adını daşıyan küçə var.
Qeyd olunub ki, Rasim Ocaqovun yaradıcılığı Azərbaycan kino sənətinin böyük bir dövrünü təşkil edir. Bu gün Rasim Ocaqovun çəkdiyi filmlər olmasaydı, Azərbaycan kinosunda böyük bir boşluq yaranardı. O, öz işinə vicdanla yanaşan, ləyaqətli və yüksək mədəniyyətə malik insan, qayğıkeş ailə başçısı idi.
Sonda Rasim Ocaqovun ailə üzvlərinə yubiley gecəsi ilə bağlı xatirə hədiyyələri təqdim olunub.