Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsi ehtiramla yad edilib

23 noyabr 2026 | 10:41

Görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 93-cü ildönümü tamam olur.

Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.

Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Onun filmləri sırasına "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" kimi ekran əsərləri daxildir.

Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir.

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun anadan olmasının 93-cü ildönümü onun doğulub boya-başa çatdığı Şəki şəhərində də anılıb.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, ziyalılar, ictimaiyyətin nümayəndələri Rasim Ocaqovun şəhərin Sülh meydanında, “Güyümlər” dairəsi adlanan ərazidə qoyulmuş barelyefi önünə gül-çiçək dəstələri düzüb, sənətkarın xatirəsini ehtiramla yad ediblər.

Görkəmli sənətkarın anadan olmasının 93-cü ildönümü münasibətilə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində "Sənətə həsr olunmuş ömür” adlı sərgi təşkil olunub, onun rejissoru olduğu filmlərdən fraqmentlər nümayiş etdirilib.

Azərbaycan kino sənətinə böyük töhfələr vermiş kinorejissor Rasim Ocaqovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

 

Keçidlər