Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

11 iyul 2022 | 17:18

İyulun 11-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti  Rasim Ocaqovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində kinorejissor Rasim Ocaqovun həyat və yaradıcılığından bəhs edən foto-sərgi və Şəki Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin  kinorejissorun çəkdiyi filmlərə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar.

Mərkəzin akt zalında davam edən tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kinorejissor Rasim Ocaqovun Şəki torpağının Azərbaycan mədəniyyətinə, incəsənətinə bəxş etdiyi böyük sənətkarlardan biri olduğunu, onun nəinki Azərbaycanın, eləcə də keçmiş Sovetlər Birliyinin kino mədəniyyəti tarixində özünəməxsus yeri olan çox istedadlı kinorejissor kimi tanındığını bildirib.İcra başçısı Rasim Ocaqovun doğulduğu yerə qəlbən bağlı olduğunu və yaradıcılığında Şəki mövzusunun xüsusi yer tutduğunu vurğulayıb və bildirib ki, görkəmli kinorejissorun xatirəsi anadan olduğu Şəki şəhərində daim əziz tutulur, burada onun yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirilir, yubileyləri qeyd olunur. Şəkidə yaşadığı evə xatirə lövhəsi vurulub, “Güyümlər” meydanında barelyefi qoyulub. Şəhərin küçələrindən biri bu böyük sənətkarın adını daşıyır. AR Nazirlər Kabinetinin qərarı ilə Şəki Uşaq Gənclər İnkişaf Mərkəzinə Rasim Ocaqovun adı verilib.

Sonra tədbirdə kinorejissor Rasim Ocaqovun çəkdiyi “Otel otağı” filmi nümayiş olunub. Film 1998-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Dram janrının gözəl nümunələrindən olan filmin senari müəllifi, yazıçı Anar Rzayev, əsas rolların ifaçısı isə Fəxrəddin Manafov (Kərim), Rasim Balayev (Sədyar), Muxtar Maniyev (Çopur Cabbar ) idi. Film Sovet İttifaqının son günlərini yaşadığı dövrdə Azərbaycan ziyalılarının başına gətirilən müsibətlərdən, onların cəmiyyətdə gedən ictimai siyasi proseslərin xaosunda fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından, simasını şəraitdən asılı olaraq dəyişdirə bilən insanlardan bəhs edir.

Keçidlər